Talış dili haqqında
Talış dilində Azərbaycanda və İranda yaşayan talışlar danışırlar. Talış dilində danışanların ümumi sayı təxminən 1 milyona yaxındır.
Talış dili Hind-Avropa dillərinin Hind-İran qoluna daxildir. Talış dilinin daxil olduğu Kaspi dil qrupu , Hind-İran dilləri qrupunda İran dil qrupuna daxil olan şimal-qərbi İran dil yarımqrupunun qoludur. Kaspi dil qrupuna aid olan gilan dili , mazandaran dili , simnan dilləri d ə bu dilə yaxın olan dillərdən hesab olunur.
Talış dili fars, tat, kürd, tacik, osetin, puştu, dəri, beluc və s. dillərinə yaxındır. Slavyan (rus, belorus, ukrayna, çex, polyak və s.), baltik (litva, latış), german (alman, ingilis, isveç və s.) dilləri ilə uzaq qohumdur.
Talış dilinin əlifbası latın əlifbası əsasında təşkil olunub. Bu əlifba 29 hərfdən ibarətdir. Bunun 22-si samit, 7-si saitdir. Talış dilində ismin 6 hal dəyişməsi vardır. Azərbaycanda çıxan “Tolışon Sədo” qəzeti talış dilində məqalələr, hekayələr, şerlər çap edir.
Talış dilinin 3 əsas böyük dialekti var. Şimal, mərkəz və cənub dialektləri. Şimal dialekti Azərbaycan ərazisində daha çox danışılır.
Vikipediyadan götürülüb