Talışların adət-ənənələri haqqında
Talış evləri
Deyilənə görə, keçmişdə talış kəndlərində evlər iki cür olub. Bir qisim evlərin üstünə dəmir vurmur, palçıqla suvayırdılar. Palçıq su keçirtmirdi. İki əsrdən qalma belə evlərin qalıqları Lerik kəndlərində var. Bu evlərin əsas xüsusiyyəti pəncərəsinin olmamasıdır. Yuxarıda iki baca qoyurdular, evdəki təndir, peçin tüstüsü o bacalardan çıxırdı. Evlərin pəncərəsiz olmasının da səbəbi var idi. İranla sərhəddə yaxın olan kəndlərə quldur dəstələr basqın edib, oğurluq edirdilər. Bunun qarşısını almaq üçün pəncərəsiz evlər tikildi. Çünki pəncərəni sındırıb içəri girmək rahat olurdu, ancaq bacadan girmək çətin idi.
Bir qisim evlərin damı isə ağacdan düzəldilirdi, üstünə küləş vurulurdu. Küləş su buraxmırdı, bəzi rayonlarda bunu qamışla əvəzləyirdilər. Meşələrdə palıd ağacını yonub, ondan nazik taxtalar düzəldib, dama vururdular. Çardaq düzəldir, üstünə küləş vururdular.
Hər corabın öz sahibi
Bir vaxtlar evdə istifadə olunan xonça, qab-qaşıq da ağacdan hazırlanırdı. Taxtadan xüsusi ustalar tərəfindən hazırlanan beşik nəsildən-nəslə ötürülür. Bir çox ailələrdə illər əvvəl hazırlanmış həmin beşiklər hələ də saxlanılır. Əzgil ağacından əsa (çəkil) hazırlanırdı, ağacı odda yandırıb qabığını soyurdular. Bu zaman o, qıpqırmızı rəngdə olurdu, xüsusi rənglənmiş kimi görünürdü.
Talışlarda toxunma corablar da bir ənənənədir. 20 növ corab toxuyarlar, bu corablar yundan toxunur, həmin yun həyətdəki müxtəlif bitkilərin suyuna çəkilərək rənglənir. Bu corabların növlərinin fərqli olmasının səbəbləri var. Məsələn, tirmə corabları yalnız kişilər geyinir, naxışlı, dizə qədər olan corabları ancaq qadınlar geyinir, qocalar isə saya corablar geyinir ki, onlar ağ və ya qara yundan toxunur, demək olar ki, əlavə rəng vurulmur.
Talış qadını
Talış qadını daim həyat yoldaşının köməyində durub. Məsələn, köçəri həyat yaşayan ailələrdə qadın da kişi ilə birlikdə mal-qaraya baxıb. Oturaq həyat tərzi yaşayanlar isə əsasən evdar olur və sənətkarlıqla məşğul olurlar. Corab, cecim, kilim toxuyurlar. Talış qadınlarının geyimləri də xüsusi olub. Saçların görünməməsi üçün talış qadınları başlarına dinqə bağlayırdılar. O əldə hazırlanırdı, üstündən ipək şal, yaylıq örtürdülər. Gəlin köçəndə də qızların başına dinqə bağlayıb, üstünə örpək örtürdülər.
Toy adətləri
Talışların toy mərasimləri bir ay əvvəldən başlayır. 40 gün sonraya qədər isə gəlin bəd nəzərdən qorunur. Ancaq əvvəlcə nişan olur. Nişan mərasimi olandan sonra qız evi oğlanı qonaq çağırır. Bunun səbəbi həm onun qohumlarla tanışlığı, həm də ailə üçün məhrəm olmasıdır. Bu qonaqlıqdan sonra oğlan rahatlıqla nişanlısının evinə gələ, qızı görə bilir.
Toya bir ay qalmış qız evində çal-çağır başlayır. Qadınlar, qızlar hərəsində 5-6 nəfər olmaqla iki dəstəyə bölünür. Öndə gedənin əlində nağara olur. Beləliklə ard-arda dəstələr nağara çalıb, mahnı oxuyur. Bir ay ərzində hər gün toya hazırlıq mərasimlərini bu rəqslər və mahnılar müşahidə edir.
Toy günü talışlar gəlini at belində, başına qırmızı duvaq örtüb aparırlar. Bu ənənə bir çox dağ kəndlərində indi də qalmaqdadır. Atın başına xüsusi bəzək hazırlayırlar. Toy ərəfəsi at yarışı keçirilir. Gəlin evə çatanda hamı qapıya çıxıb onu qarşılamalıdır. Qurban kəsir, ayağının altında boşqab sındırırlar. Bu ənənə də bir çox kəndlərdə qalıb, ancaq əksəriyyəti müasirləşib, gəlini maşınla gətirirlər. Gəlini həyətdə qarşılayan bütün qohumlar ona necə davranacaqları barədə vəd verir, arzularını deyib, içəri dəvət edirlər. Gəlin evə girəndən 3 gün sonraya qədər ailə üzvlərindən başqa kənar adam içəri buraxmazlar. 40 gün ərzində isə gəlin insanlarla az ünsiyyətdə olur ki, bəd nəzərdən qorunsun.
Əvvəllər talış toylarında nə nağara, nə də qarmon olub, gəlini zurna ilə aparardılar. Toy isə balabanla keçərdi. Bu adət indi də bəzi kəndlərdə qalıb. Bəzi talış kəndlərində gəlini aparanda onun beşiyini də cehiz kimi göndərirdilər. Bu da doğulacaq uşaqların beşiyinin kənardan gəlməməsi üçündür.
Publika.az saytı, Azərbaycan vikipediyası, jurnalist Həmzə Vəliməmmədovun təqdiqat əsərləri və Lənkəranın dünyaca məşhur qrupu "Nənələr”in söhbətlərindən götürülüb.
Talışların toy adətləri