Mətbəx

Talış mətbəxi haqqında

Ləvəngi aşsız olmaz

Elə talış ailəsi yoxdur ki, orada plovun müxtəlif növlərindən istifadə etməsinlər. Əsasən də, Lənkəran, Astarada balıqdan, Lerik, Masallıda həm balıq, həm də toyuq, cücədən istifadə olunur. Cücə plov, süzmə plov, ləvəngi plov növləri daha məşhurdur. Ət xörəkləri əsasən, bozbaş, küftə, kabab, lülə-kabab, ağartılar da çox geniş yayılıb. Xüsusən, ayran aşı sevilən yeməkdir. Bu dovğaya bənzəsə də, müəyyən fərqləri var. Bunun üçün nehrədən yağ yığılandan sonra yerdə qalan ayrana azca un vurub düyü, noxud töküb bişirirlər, bəzi yerlərdə lobya, lərgə də əlavə edirlər. Lakin ayran aşında yağ olmur. Qovurtmac da milli yeməklər sırasındadır. O süddən hazırlanır. Südü azca bişirib, içinə çörək doğrayıb yeyirlər. Yeməklərin böyük əksəriyyəti azərbaycanlıların yeməkləri ilə qarışıb. Yəni tərkibləri eyni olsa da, hazırlanma qaydalarında fərq var. Talış ailələrində xüsusən, yaz, yay aylarında göyərtidən hazırlanan yeməklər üstünlük təşkil edir. Meşədə, bağda bitən yabanı və digər göyərtilər toplanır, tərə, kətə bişirilir. Göy soğan, sarımsaq, yabanı nanə, kəklikotu talış mətbəxinin əvəzedilməzləridir. Çöl heyvanlarından dovşan, kəklik ətindən istifadə edirlər. Müsəlman talışlar donuz əti yemir. Ümumiyyətlə isə talışlarda konkret qadağan olunan heyvan əti yoxdur.

Talış mətbəxi deyəndə ağla ilk gələn isə ləvəngidir. Bu yeməyin özəlliyi odur ki, toyuq ətinin kalorisi az olur və onu daha ləzzətli etmək üçün qoz və digər ədviyyatlardan istifadə edilir.

Publika.az saytından götürülüb

 

Kükü resepti

Kükü Talışların qədim yeməklərindən biridir. Kükü çox doyumlu, dadlı, ətirli talış yeməyidir. Onu ilin bütün fəsillərində bişirib yemək olur. Kükünün müxtəlif növləri var. Talışlar onu əsasən ləvəngi ilə hazırlayırlar. Küküyə ləvəngi  ilə yanaşı çoxlu göyərti tökürsənsə bu səbzi kükü olur, əgər badımcan tökürsənsə badımcanlı kükü, noxud tökürsənsə noxudlu kükü olur. Yaxud kükünün içinə bişirilmiş və didilmiş balıq əti, toyuğun sinə əti tökülür. Bunlar əsasən zövqə görə müxtəlif cür hazırlanır.

Ən çox yayılmış kükü ləvəngi küküdür. Bu kükünü hazırlamaq üçün əsasən ləvəngi, yumurta, kartof, göyərti, yağ, duz, istiot, sumaq, bir yemək qaşığı un lazımdır. İşə ləvəngini hazırlamaqla başlayırıq. Bunun üçün 3-4 ədəd baş soğan soyulur, yuyulur ət çəkən maşından çəkilir, suyu sıxılıb süzülür, sonra 200 qr. qoz ət çəkən maşında çəkilib həmin sıxılmış soğana əlavə edilir, duz, istiot, turşu, sumaq tökülür, bir yerdə qarışdırılır. Beləliklə ləvəngi hazır olur.

Bu ləvənginin üzərinə 8-10 yumurta sındırılıb tökülür. Bir qədər göyərti şüyüd yaxud keşniş həmçinin quru nanə əlavə edilir. Bir ədəd orta ölçülü kartof ət çəkən maşından çəkilib suyu sıxılıb ora əlavə edilir. Yaxşıca köpsün deyə bir qədər qabartma tozu tökülür, üzərinə 1-2 yemək qaşığı duru yağ və 1 yemək qaşığı un əlavə edilir və taxta qaşıqla yaxşıca qarışdırılır.

Sonra tava ocağın üzərinə qoyulub içinə bir iki yemək qaşığı duru yağ əlavə edilir yaxşıca qızdırılır, tam qızandan sonra hazırlanan kükü onun içinə tökülür vam odda bişirilir. Kükünün alt hissəsi bişəndən sonra onu çevirib üst hissəsi də bişirilir. 25-30 dəqiqə ərzində kükü hazır olur. Soyuyandan sonra bölüb süfrəyə verilir.



Toyuq ləvəngisi

Ləvəngi

Balıq ləvəngisi

Balıq ləvəngisi

Your encouragement is valuable to us

Your stories help make websites like this possible.