Talış mətbəxi haqqında
Ləvəngi aşsız olmaz
Elə talış ailəsi yoxdur ki, orada plovun müxtəlif növlərindən istifadə etməsinlər. Əsasən də, Lənkəran, Astarada balıqdan, Lerik, Masallıda həm balıq, həm də toyuq, cücədən istifadə olunur. Cücə plov, süzmə plov, ləvəngi plov növləri daha məşhurdur. Ət xörəkləri əsasən, bozbaş, küftə, kabab, lülə-kabab, ağartılar da çox geniş yayılıb. Xüsusən, ayran aşı sevilən yeməkdir. Bu dovğaya bənzəsə də, müəyyən fərqləri var. Bunun üçün nehrədən yağ yığılandan sonra yerdə qalan ayrana azca un vurub düyü, noxud töküb bişirirlər, bəzi yerlərdə lobya, lərgə də əlavə edirlər. Lakin ayran aşında yağ olmur. Qovurtmac da milli yeməklər sırasındadır. O süddən hazırlanır. Südü azca bişirib, içinə çörək doğrayıb yeyirlər. Yeməklərin böyük əksəriyyəti azərbaycanlıların yeməkləri ilə qarışıb. Yəni tərkibləri eyni olsa da, hazırlanma qaydalarında fərq var. Talış ailələrində xüsusən, yaz, yay aylarında göyərtidən hazırlanan yeməklər üstünlük təşkil edir. Meşədə, bağda bitən yabanı və digər göyərtilər toplanır, tərə, kətə bişirilir. Göy soğan, sarımsaq, yabanı nanə, kəklikotu talış mətbəxinin əvəzedilməzləridir. Çöl heyvanlarından dovşan, kəklik ətindən istifadə edirlər. Müsəlman talışlar donuz əti yemir. Ümumiyyətlə isə talışlarda konkret qadağan olunan heyvan əti yoxdur.
Talış mətbəxi deyəndə ağla ilk gələn isə ləvəngidir. Bu yeməyin özəlliyi odur ki, toyuq ətinin kalorisi az olur və onu daha ləzzətli etmək üçün qoz və digər ədviyyatlardan istifadə edilir.
Publika.az saytından götürülüb
Kükü resepti
Balıq ləvəngisi